Albaniyaya iki ədəd HIMARS sisteminin alınmasına ABŞ-dən icazə verilib


ABŞ Dövlət Departamenti Albaniyaya iki ədəd M142 HIMARS buraxılış qurğusunun və 12 ədəd GMLRS raket konteynerinin mümkün satışını təsdiqləyib.
Ordu.az xəbər verir ki, satışın ümumi dəyəri 210 milyon dollar təşkil edir.
NATO-nun ən kiçik ordularından birinə malik olan Albaniya bu razılaşma çərçivəsində ilk uzaqmənzilli reaktiv artilleriya sistemlərini əldə edəcək.
ABŞ Dövlət Departamenti mümkün Xarici Hərbi Satış barədə çərşənbə axşamı Konqresə məlumat verib. Albaniya satınalmanı Vaşinqtonun Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində təqdim etdiyi kredit vəsaitləri hesabına həyata keçirəcək.
Paketə iki ədəd HIMARS buraxılış qurğusu, vahid döyüş başlığına malik M31A2 GMLRS raketləri üçün altı konteyner və alternativ döyüş başlıqlarına malik M30A2 GMLRS raketləri üçün daha altı konteyner daxildir. Bütün raketlər həssas olmayan döyüş sursatları üçün nəzərdə tutulmuş hərəkətverici sistemlərlə təchiz edilib. Hər konteynerdə altı raket yerləşir. Beləliklə, Albaniya ümumilikdə 72 dəqiq idarəolunan raket əldə edəcək.
Bundan əlavə, Albaniyaya səkkiz ədəd Beynəlxalq Sahə Artilleriyası Taktiki Məlumat Sistemi, iki “Humvee” avtomobili, radiostansiyalar, təchizat maşınları, evakuasiya və təmir maşını, təlim raketləri, ehtiyat hissələri və təlim xidmətləri veriləcək.
ABŞ Dövlət Departamenti mümkün satışın Albaniyanın mövcud və gələcək təhdidlərə qarşı imkanlarını artıracağını bildirib.
“Bu satış uzaqmənzilli dəqiq zərbə imkanları təqdim etməklə Albaniyanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini yaxşılaşdıracaq”, - deyə qurumun açıqlamasında qeyd olunub.
Bildirilib ki, silahlar Albaniya qüvvələrinə rəqib təhdidlərin qarşısını almağa, onları zərərsizləşdirməyə və məhv etməyə, eləcə də ölkənin NATO müdafiə planlarına töhfəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
HIMARS təkərli buraxılış qurğusu təxminən 70 kilometr məsafədəki hədəflərə GPS vasitəsilə idarə olunan raketlər ata bilir. Sistem Ukraynada müharibə zamanı geniş tanınıb. Ukrayna qüvvələri ondan cəbhə xəttinin arxasında yerləşən Rusiya sursat anbarlarını, komanda məntəqələrini və körpüləri vurmaq üçün istifadə edib.
Albaniyanın sifarişinin həcmi onun ordusunun digər Avropa ölkələri ilə müqayisədə kiçik olduğunu göstərir. Məsələn, İsveç mart ayında ABŞ-dən 930 milyon dollaradək dəyəri olan paket çərçivəsində 20-yə qədər HIMARS sistemi almaq üçün icazə əldə edib. 2009-cu ildən NATO üzvü olan Albaniya isə cəmi iki qurğu istəyib.
210 milyon dolların böyük hissəsi yeni silah sisteminin istifadəyə verilməsi üçün zəruri dəstək vasitələrinə, atəşə nəzarət və rabitə avadanlıqlarına, yük maşınlarına, sınaq avadanlıqlarına, logistika dəstəyinə və təlimlərə sərf olunacaq.
Satış üzrə əsas podratçı ABŞ-nin Texas ştatının Qrand-Prairi şəhərində yerləşən “Lockheed Martin” şirkəti olacaq. Dövlət Departamentinin məlumatına görə, proqramın nəzərdən keçirilməsi, sistemlərin istifadəyə verilməsi və təlimlər üçün ildə təxminən iki dəfə 15 ABŞ hökumət nümayəndəsi və 15 podratçı əməkdaşının Albaniyaya səfər etməsi tələb oluna bilər.
Sevinc Əliyeva Ordu.az