Ağdam: Zəfərin yaratdığı yeni tarix – Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış və quruculuq salnaməsi


Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Ağdamın işğalı 2020-ci il noyabrın 20-də başa çatdı. Otuz ilə yaxın müddətdə işğal altında saxlanılan, düşmən tərəfindən viran qoyulan, bir zamanlar Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam öz azadlığına qovuşdu. Bu tarixi hadisə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin mühüm nəticələrindən biri kimi tarixə yazıldı.Ağdamın azad edilməsi təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də tarixi ədalətin təntənəsi, doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə insanın qayıdış ümidlərinin gerçəkləşməsi demək idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Ağdam bu gün genişmiqyaslı bərpa, yenidənqurma və müasir şəhərsalma prosesinin mərkəzinə çevrilib.2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı, Ağdam Cümə məscidini ziyarət etdi və xalqımıza müraciət etdi. Bu səfər Ağdamın yeni tarixinin başlanğıcı oldu. Şəhərin dağıdılmış mənzərəsi, yaşayış binalarının, tarixi və mədəni abidələrin məhv edilməsi işğalın ağır nəticələrini bir daha nümayiş etdirirdi. Prezidentin Ağdam məscidinə Məkkədən gətirdiyi Qurani-Kərimi hədiyyə etməsi isə şəhərin mənəvi və tarixi dəyərlərinə ehtiramın rəmzi kimi yadda qaldı. Ağdamın gələcək inkişafı üçün ilkin mərhələdən etibarən sistemli tədbirlərə başlanıldı. Nəqliyyat, enerji, su təchizatı, rabitə, sənaye, yaşayış və sosial infrastrukturun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.Dövlət başçısının Ağdama mütəmadi səfərləri şəhərin bərpası prosesinin gedişinə nəzarətin, mühüm layihələrin təməlinin qoyulmasının və görülən işlərin yerində qiymətləndirilməsinin mühüm tərkib hissəsidir. 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılması haqqında Prezident fərmanı imzalandı. 190 hektar ərazidə yaradılması nəzərdə tutulan sənaye parkı işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpası, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və qeyri-neft sektorunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. 2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər etdilər. Səfər çərçivəsində “Ağdam-1” və “Ağdam-yarımstansiyalarının, eləcə də “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı həyata keçirildi. Bu layihələr Ağdamın və ətraf ərazilərin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün mühüm baza yaratdı. 2022-ci il oktyabrın 4-də dövlət başçısının Ağdama növbəti səfəri zamanı şəhərin gələcək inkişafı üçün bir sıra strateji layihələrin təməli qoyuldu. Bunlar sırasında Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, yeni yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, eləcə də “City Hotel Agdam”mehmanxanasının təməlqoyma mərasimləri xüsusi yer tuturdu.
Həmin səfərdə Pənahəli xanın sarayı və İmarət Kompleksində aparılacaq işlərlə də tanışlıq oldu. Bununla Ağdamın yalnız fiziki infrastrukturunun deyil, tarixi-mədəni irsinin də bərpasına xüsusi diqqət yetirildiyi nümayiş etdirildi.Ağdamın yenidən qurulması əvvəlki şəhərin sadəcə bərpası deyil, müasir urbanistika prinsipləri əsasında yeni şəhər modelinin formalaşdırılmasıdır. Şəhərin Baş Planında yaşayış, ictimai, inzibati, sosial və iqtisadi zonaların qarşılıqlı əlaqəli inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi, piyada və velosiped yollarının yaradılması, müasir nəqliyyat sisteminin qurulması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yeni Ağdamda müasir yaşayış binaları ilə yanaşı, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət və idman obyektləri, xidmət və ticarət sahələri yaradılır. Şəhər müasir mühəndis-kommunikasiya sistemləri, rəqəmsal idarəetmə imkanları və enerji səmərəliliyini təmin edən texnologiyalar əsasında inkişaf etdirilir. 2025-ci il fevralın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 1268 mənzilli ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış oldular. Təxminən 14 hektar ərazini əhatə edən kompleksdə müxtəlif otaq sayına malik mənzillər, istirahət guşələri, idman meydançaları və digər zəruri infrastruktur obyektləri nəzərdə tutulub. Bu layihə Ağdamın yaşayış fondunun genişləndirilməsi və keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə mərhələli qayıdışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.Ağdamın gələcək inkişafında nəqliyyat infrastrukturu xüsusi yer tutur. 2020-ci il noyabrın 24-də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Prezident sərəncamı imzalandı. Ümumi uzunluğu 45 kilometr nəzərdə tutulan bu dəmir yolu xətti bölgənin ölkənin əsas nəqliyyat şəbəkəsinə inteqrasiyası baxımından mühüm strateji əhəmiyyətə malikdir. Bərdə–Ağdam avtomobil yolunun yenidən qurulması, şəhərdaxili yolların salınması, körpülərin və kommunikasiya xətlərinin yaradılması da quruculuq prosesinin əsas istiqamətlərindəndir.2025-ci il mayın 10-da Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi. Müasir memarlıq üslubunda inşa olunan kompleks dəmir yolu vağzalını və avtovağzalı birləşdirən vahid nəqliyyat qovşağıdır. Bu obyekt Ağdamın nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, bölgədə sərnişin və yük daşımalarının inkişafına da töhfə verəcək. Bərdə–Ağdam–Xankəndi istiqamətində dəmir yolu əlaqəsinin inkişafı Qarabağın digər şəhər və rayonları ilə iqtisadi, sosial və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.Ağdamın bərpası yalnız yaşayış binalarının və yolların inşası ilə məhdudlaşmır. Şəhərin dayanıqlı inkişafı üçün istehsal, sahibkarlıq və məşğulluq imkanlarının yaradılması da prioritet istiqamətlərdəndir. 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkda tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, müxtəlif sənaye məhsullarının istehsalı və digər sahələr üzrə müəssisələrin fəaliyyəti üçün şərait yaradılır. Sənaye Parkının əsas məqsədləri yeni iş yerlərinin açılması, yerli xammal və resurslardan səmərəli istifadə, sahibkarlığın təşviqi, investisiyaların cəlb edilməsi və Ağdamın regional iqtisadi mərkəzə çevrilməsinə dəstək verməkdir. Bu layihə Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, geri dönən əhalinin məşğulluğunun təmin olunması və şəhərin özünəməxsus iqtisadi potensialının yenidən formalaşdırılması baxımından mühüm rol oynayır.Müasir şəhərin inkişafı etibarlı mühəndis-kommunikasiya sistemləri olmadan mümkün deyil. Ağdamda elektrik enerjisi, içməli su, kanalizasiya, qaz, rabitə və internet infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.”Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, rəqəmsal idarəetmə sistemləri və yeni elektrik xətləri şəhərin enerji təminatının gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, Xaçınçay su anbarının yenidən qurulması və su təsərrüfatı infrastrukturunun inkişafı Ağdamın içməli su, suvarma və kənd təsərrüfatı potensialı baxımından əhəmiyyətlidir. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi isə rəqəmsal texnologiyaların tətbiqi, idarəetmənin təkmilləşdirilməsi və müasir texniki biliklərin inkişafı üçün yeni imkanlar yaradır.Ağdam yalnız iqtisadi və inzibati mərkəz deyil, həm də zəngin tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə seçilən qədim Azərbaycan yurdudur. İşğal dövründə şəhərin tarixi-mədəni abidələrinə ciddi ziyan vurulmuş, bir çox memarlıq nümunələri dağıdılmışdır. Bu gün onların bərpası dövlətin həyata keçirdiyi quruculuq siyasətinin mühüm istiqamətlərindən biridir. Ağdam Cümə məscidinin bərpası, Qiyaslı kəndindəki tarixi məscidin yenidən qurulması, Pənahəli xanın sarayının və İmarət Kompleksinin bərpası şəhərin tarixi simasının dirçəldilməsinə xidmət edir. 2025-ci ildə Ağdam İmarət Kompleksinin və “Aghdam City Hotel” mehmanxanasının istifadəyə verilməsi şəhərin mədəni irsinin qorunması və turizm imkanlarının genişləndirilməsi baxımından əlamətdar hadisələr oldu. Ağdam Muğam Mərkəzinin yaradılması isə muğam sənətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və Qarabağın zəngin musiqi ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.Ağdamın yenidən qurulmasının əsas məqsədlərindən biri uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcıdır. İllərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan ağdamlı ailələrin öz evlərinə dönməsi təkcə sosial hadisə deyil, həm də tarixi yaddaşın, milli kimliyin və yurd bağlılığının bərpasıdır. Yeni yaşayış məhəllələrinin, məktəblərin, sosial xidmət obyektlərinin, yolların və iş yerlərinin yaradılması bu prosesin davamlılığını təmin edən əsas amillərdir.Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə müəyyən etdiyi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin yenidən qurulması ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan sosial-iqtisadi, mədəni və humanitar vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsini nümayiş etdirir. Prezident İlham Əliyevin Ağdama səfərləri, mühüm layihələrin təməlinin qoyulması və açılışlarda iştirakı bu prosesin dövlət səviyyəsində prioritet istiqamət kimi diqqətdə saxlanıldığını göstərir. Ağdamın bugünkü mənzərəsi keçmişlə gələcək arasında qurulan bir körpüdür. Bir tərəfdə xalqımızın yaddaşında silinməz iz qoymuş işğal və dağıntılar, digər tərəfdə isə müasir şəhərsalma prinsipləri əsasında qurulan yeni həyat, inkişaf edən iqtisadiyyat və doğma yurda qayıdan insanlar dayanır. 20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün azadlığın, tarixi ədalətin, milli birliyin və quruculuq əzminin rəmzidir. Ağdam artıq yalnız keçmişin xatirəsi deyil. O, bu gün müasir Azərbaycanın quruculuq salnaməsinin mühüm səhifəsinə, Böyük Qayıdışın real ünvanına və Qarabağın gələcək inkişafının əsas mərkəzlərindən birinə çevrilir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.