Ağdam – Zəfərdən dirçəlişə uzanan yol


Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayonlardan biridir. Ermənistanla döyüşlərdə altı minə yaxın rayon sakini şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş, Vətən uğrunda canlarından keçmişlər. Altı il əvvəl isə Ağdam bir güllə atılmadan, bir nəfər də şəhid verilmədən Azərbaycana qaytarıldı. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində mümkün oldu. Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, qarşı tərəf öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Noyabr Ağdam Şəhəri Günü elan edilib. Qarabağda ədalət qələbə çaldı. Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.
Ağdamın azad olunması Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. Uzun illər doğma yurdlarından ayrı düşən ağdamlıların qayıdış ümidi nəhayət gerçəkləşdi. Bu qayıdış yalnız bir şəhərin azad olunması deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın torpaq sevgisinin və milli iradəsinin təntənəsi idi. İşğal dövründə Ağdamın üzləşdiyi dağıntılar şəhərin simasını dəyişdirsə də, onun tarixi kimliyini və mənəvi dəyərini dəyişə bilmədi. Bir zamanlar həyatın qaynayıb-qarışdığı küçələr, mədəniyyət və yaşayış məkanları yenidən qurulmağı gözləyirdi. Azərbaycan dövləti qarşıya mühüm vəzifə qoyaraq Ağdamın əvvəlki şöhrətini qaytarmaqla yanaşı, onu müasir şəhərsalma prinsipləri əsasında yenidən qurmağa başladı. Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin infrastrukturunun yenilənməsi, müasir yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası və tarixi-mədəni irsin bərpası gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir. Ağdamın yenidən qurulması dövlətimizin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ən sevindirici məqamlardan biri isə ağdamlıların doğma torpaqlarına qayıtmasıdır. İllərlə həsrətini çəkdikləri evlərinə, küçələrinə və doğma yurdlarına qovuşan sakinlər üçün bu, unudulmaz sevinc və qürur mənbəyidir. Ağdamda həyat yenidən canlanır, yeni ümidlər yaranır, şəhərin gələcəyi qurulur. Ağdamın bugünkü mənzərəsi bir daha göstərir ki, xalqımızın iradəsi, dövlətimizin gücü və milli birliyimiz qarşıya qoyulan ən çətin məqsədlərə çatmağa imkan verir. Bir vaxtlar düşmən tapdağında qalan, dağıdılmış şəhər bu gün yenidən qurulur və Qarabağın inkişaf edən mərkəzlərindən birinə çevrilir. 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız azadlığın deyil, həm də qayıdışın, dirçəlişin və yenidən doğuluşun rəmzidir. Ağdam öz sakinlərinə qovuşmaqla yeni tarixini yazır. Bu tarix isə Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsi kimi daim yaşayacaqdır.
Səbinə Səlimova YAP Masallı rayon təşkilatının əməkdaşı
.jpg)