Ağdam müasir şəhərə çevrilir

3 dəq oxu
Xəbər
18 noyabr 2026 13:10
180
1993-cü ilin iyul ayında Ermənistan silahlı qüvvəlgri tərəfindən işğal olunaraq darmadağın edilən Ağdam şəhəri 2020- ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ Müharibəsindəki tarixi Qələbəmizlə azad olundu. Həm də bir güllə atılmadan. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti nəticəsində həmin ilin noyabrın 20- də Ermənistan öz işğalçı ordusunu Ağdamdan çıxartdı. Prezident İlham Əliyevin Ağdama hər səfəri şəhərin taleyində yeni bir dönüş nöqtəsi kimi yadda qalır. Bu səfərlər yalnız baxış və qiymətləndirmə məqsədi daşımır, həm də bölgənin gələcək inkişaf xəritəsinin müəyyənləşməsinə xidmət edir. Prezidentin Ağdama gəlişi, dağıdılmış şəhərin yenidən qurulması iradəsinin yüksək səviyyədə təsdiqi olmaqla yanaşı, bütün xalq üçün böyük motivasiya mənbəyinə çevrilir. Ağdamın bərpası istiqamətində həyata keçirilən infrastruktur layihələri şəhərin gələcək simasını formalaşdıran mühüm elementlərdir. Elektrik təchizatı xətlərindən su sistemlərinə, nəqliyyat yollarından yaşayış məhəllələrinə qədər hər bir layihə müasir planlaşdırma prinsiplərinə əsaslanır. Bu proses yalnız fiziki quruculuğu deyil, bölgənin sosial-iqtisadi dirçəlişini də təmin edən genişmiqyaslı yenidənqurma modelini əhatə edir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda da abadlıq-quruculuq işlərinə başlanıldı. Bəli, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə verilməklə yanaşı, Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışları keçirilib. Dünyanın ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb.
Bu gün Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Ölkə Başçısı İlham Əliyevin 2026-ci ildə Ağdam rayonuna səfərləri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.
Mənbə
1 mənbə



