Ağdam – minilliklərin yaddaşından gələn şəhər


Hər bir şəhərin öz yaddaşı, öz taleyi, öz tarix kitabı var. Bəzi şəhərlərin tarixini daş kitabələrdə, bəzilərinin tarixini qədim tikililərdə, bəzilərinin tarixini isə xalqın yaddaşında axtarmaq lazımdır. Ağdam bütün bunları özündə birləşdirən, Qarabağın qoynunda əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatan qədim Azərbaycan torpağıdır. Ağdamın tarixi yalnız bir şəhərin yaranma tarixindən ibarət deyil. Bu tarix minilliklər boyunca burada formalaşmış yaşayış ənənələrinin, əmək mədəniyyətinin, sənətkarlığın və zəngin mənəvi irsin tarixidir. Bölgədə aparılan arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam ərazisi hələ qədim dövrlərdən insanların məskunlaşdığı, həyatın və təsərrüfat fəaliyyətinin inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Eneolit və Tunc dövrlərinə aid arxeoloji tapıntılar bu torpağın qədimliyini təsdiqləyən mühüm tarixi sübutlardır. Ağdamın qədimliyini öyrənmək baxımından Üzərliktəpə arxeoloji abidəsi xüsusi əhəmiyyət daşıyır. Burada aşkar edilmiş yaşayış yeri qalıqları, saxsı qablar, əmək alətləri və digər maddi-mədəniyyət nümunələri qədim insanların həyat tərzi haqqında qiymətli məlumatlar verir. Bu tapıntılar göstərir ki, Ağdam torpağı hələ minilliklər əvvəl özünəməxsus yaşayış və mədəniyyət ənənələrinə malik olmuşdur. Şəhərin adının mənşəyi də onun tarixi ilə bağlı maraqlı məqamları özündə yaşadır. Ağdam adının etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur. Geniş yayılmış izahlardan birinə görə, ad XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi ağ daşdan imarətlə əlaqələndirilir. Uzaqdan görünən bu tikili ətraf ərazilərin sakinləri üçün bir növ istiqamət nişanı olmuşdur. Beləliklə, Ağdam adı zamanla bu məkanın tarixi kimliyinin ayrılmaz hissəsinə çevrilmişdir. XVIII əsrdə Qarabağ xanlığının yaranması bölgənin həyatında yeni siyasi və iqtisadi mərhələnin başlanğıcı oldu. 1930-cu ildə Ağdam rayonu yaradıldı. XX əsrdə şəhər özünün iqtisadi, sosial və mədəni inkişafı ilə seçildi. Ağdam təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın tanınmış yaşayış və mədəniyyət mərkəzlərindən birinə çevrildi. Burada həyat öz axarı ilə davam edir, şəhər gündən-günə inkişaf edir, yeni nəsillər bu torpağın tarixi və mənəvi dəyərləri üzərində yetişirdi. Ağdamın hər küçəsi, hər məhəlləsi, hər tikilisi onun zəngin keçmişindən və qurub-yaratmaq ənənəsindən xəbər verirdi.
Lakin tarix bu qədim şəhər üçün heç də həmişə inkişaf və tərəqqi ilə yadda qalmadı. XX əsrin sonlarında regionda baş verən hərbi-siyasi hadisələr Ağdamın taleyini də dəyişdi. İllərlə qurulan həyatın üzərinə müharibənin ağır kölgəsi çökdü. Bir zamanlar insan səsləri, əmək və quruculuq əzmi ilə yaşayan şəhər tədricən cəbhə bölgəsinə çevrildi.
Tarixin elə səhifələri var ki, onları oxumaq da, xatırlamaq da ağırdır. Ağdamın taleyində 1993-cü il məhz belə bir səhifədir. Bir zamanlar Qarabağın ən böyük, abad və canlı şəhərlərindən biri kimi tanınan Ağdam müharibənin dağıdıcı təsirlərinə məruz qaldı. Şəhərin küçələrindəki həyat səsi susdu, evlər boşaldı, minlərlə insan doğma ocağını tərk etmək məcburiyyətində qaldı. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi Qarabağ bölgəsində vəziyyəti getdikcə ağırlaşdırırdı. 1988-ci ildən etibarən Ermənistandan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki yaşayış məntəqələrindən qovulan azərbaycanlıların bir qismi Ağdamda sığınacaq tapmışdı. Belə bir ağır humanitar şəraitdə Ağdam həm cəbhə bölgəsi, həm də ətraf ərazilərdən gələn insanların ümid yeri idi. 1993-cü ilin may və iyun aylarından başlayaraq Ağdam istiqamətində hərbi əməliyyatlar daha da intensivləşdi. Şəhər və ətraf kəndlər davamlı hücumlara məruz qaldı. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə yerli özünümüdafiə dəstələri və Azərbaycan hərbçiləri müqavimət göstərsələr də, ölkədə hökm sürən ağır siyasi və hərbi vəziyyət müdafiəni çətinləşdirirdi. Nəhayət, 1993-cü il iyulun 23-də Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal Ağdamın yalnız coğrafi xəritəsini deyil, onun əsrlər boyu formalaşmış yaşayış və mədəniyyət mühitini də dəyişdirdi. Vaxtilə insanların gündəlik həyatının ayrılmaz hissəsi olan məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət evləri və digər ictimai obyektlər dağıntılara və talana məruz qaldı. Rayonun tarixi-memarlıq irsinə ciddi ziyan dəydi. Bir zamanlar şəhərin mədəni həyatının mühüm hissəsi olan Ağdam Çörək Muzeyi də bu faciədən kənarda qalmadı. Ağdamın işğalı ilə bağlı ən ağrılı məqamlardan biri də insanların öz doğma evlərindən didərgin düşməsi idi. İllərlə qurulan ailə ocaqları, həyətlər, bağlar, uşaqlıq xatirələri bir gecənin içində geridə qaldı. İnsanlar bəzən özləri ilə ən zəruri əşyalarını belə götürməyə imkan tapmadan yurdlarını tərk etdilər. Onların qəlbində isə bir ümid yaşayırdı: bir gün mütləq doğma Ağdama qayıdacaqlar. Tarixin hər qaranlıq gecəsinin bir sabahı olduğu kimi, Ağdamın da uzun illər davam edən həsrətinə son qoyacaq gün gəlib çatdı. Doğma yurdlarından ayrı düşmüş minlərlə insanın qəlbində illərlə yaşatdığı qayıdış arzusu 2020-ci ildə gerçəyə çevrildi. Bu tarix Ağdamın taleyində yeni bir mərhələnin başlanğıcı oldu.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə yadda qaldı. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Zəfər nəticəsində Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa razı oldu. Həmin bəyanata əsasən, Ağdam rayonunun işğal altında olan əraziləri noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Ağdamın azad olunması Azərbaycan xalqı, xüsusilə də illərdir doğma torpaqlarının həsrəti ilə yaşayan ağdamlılar üçün unudulmaz hadisəyə çevrildi. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı şəhərin mərkəzində Azərbaycan Respublikasının üçrəngli bayrağını ucaltdı. Bu hadisə Ağdamın yenidən öz dövlətinə və xalqına qovuşmasının rəmzi kimi tarixə düşdü. Prezidentin Ağdam məscidini ziyarət etməsi və məscidə Qurani-Kərim hədiyyə etməsi də şəhərin mənəvi həyatında xüsusi məna daşıyan hadisələrdən biri oldu. Ağdamın azad edildiyi günün tarixi əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Bununla da bu əlamətdar tarix xalqımızın milli yaddaşında əbədi yerini aldı.
Fatimə Bayramova
“H.B. Zərdabi küçəsi 96” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ərazi partiya təşkilatının fəalı.
.jpg)