Adanın paylaşdığı sonuncu videoda o da vardı - Xalq artisti danışdı


Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. O, doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəzaya düşüb. FHN-in məlumatına görə, “VOYAH” markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Ada Süleyman və avtomobilin sürücüsü Anar Kərimov həyatını itirib.
Ölkə.az Showmedia-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən aparıcı Ada Süleymanovanın doğum günündə Xalq artisti, aktyor Vidadi Həsənov da iştirak edib.
Hadisə ilə bağlı Xalq artisti, aktyor Vidadi Həsənovla əlaqə saxladıq. Aktyor Showmedia-ya açıqlamasında baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib. O, hadisənin təsirindən hələ də çıxa bilmədiyini və yaşananları anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Vidadi Həsənov hadisə zamanı məclisdə olduğunu qeyd edərək hazırda danışmaq üçün özündə güc tapmadığını deyib:
“Dünən mən də məclisdə idim. Hələ də anlaya bilmirəm. Hadisəni dərk etmək çətindir. Bu hadisəni dərk etmək və yasımızı yaşamaq istəyirəm. Bir neçə gün sonra danışa biləcəm”.
Qeyd edək ki, Ada Süleymanova sosial şəbəkə hesabında Xalq artisti, aktyor Vidadi Həsənovla birgə həyata keçirdikləri layihələrə dair videogörüntülər də paylaşmışdı.