"Açığı, narahatam, qorxuram ki, klubun içinə sıçrasın" - Azər Məmmədov


"Bu gün Azərbaycanı ölkə xaricində ən yaxşı şəkildə tanıtmış komandaya qarşı oynayırdıq. Bilirdik ki, bu gün yaxşı olan komandaya qarşı oynayırıq. Çox çətin, ağır oyun oldu. Ən yaxşı oyunlarımızdan birini oynadıq. Birinci hissədə qol epizodlarından yararlansaydıq, hətta qalib də gələ bilərdik. "Qarabağ"ın da epizodları var idi. Ədalətli nəticə elə heç-heçə idi, belə də bitdi. Stadionumuzu dolduran azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik. Ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma da təşəkkür edirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
İkinci hissədə ilk hissədəki kimi oynamadınız, daha çox müdafiədə idiniz. Bu nə ilə bağlı idi?
- Məni sevindirən amillərdən biri odur ki, komandamız bu gün qol buraxmadı. Bizim komanda son matçlarda az qol buraxır. Az qol buraxmağımızın səbəblərdən biri odur ki, kompakt oynayaraq, rəqibi əks-hücumda cəzalandırmağa çalışırıq. İkinci hissə başlayanda da qol epizodumuz var idi. Oyunlarda rotasiyalar edirik. Etiraf edim ki, elə də çox ehtiyat qüvvəmiz yoxdurk ki, çox rotasiya edək. Heyətə baxsaz, 7-8 oyunçumuz hər oyunda meydançadadır. Yorğunluq da qaçılmazdır. Biz çalışırıq ki, futbolçular tez bərpa olsun.
- "Kəpəz" hələ də avrokuboklarda zonasındasız. Azarkeşlər də sizdən bunu istəyir. Bu məqam sizi narahat edir?
- Açığı, narahatam. Əlbəttə ki, azarkeşlər "Kəpəz" üçün ən yaxşısını istəyirlər. Amma reallıqlar var. Maliyyə futbolda böyük rol oynayır. Komandamızın büdcəsi budur, buna uyğun da maksimumu etməyə çalışırıq. Qorxuram ki, siz dediyiniz məsələ klubun içinə sıçrasın. Belə olarsa, eyforiyaya qapanmış kimi ola bilərik. Hansı məqsədlə çempionata başlamışıq? Çalışırıq ki, qarşıya qoyulan birinci məqsədə çataq. Əlbəttə ki, kim istəməz ki, bacarırsa, irəliyə getsin? Avrokuboklara vəsiqə qazana bilsək, böyük sensasiya olacaq. Sevindirici hal odur ki, heç kim "Kəpəz"lə oyunda asan qələbə haqda düşünmür, sayılıb-seçilirik. Şəhərimiz və "Kəpəz" üçün vacib amillərdəndir. Futbolçularda özünəinam da olur.
