ABŞ ordusu M2 pulemyotunun təhlükəli atəş zonasını azaltmaq üçün yeni sursat təqdim edib


M1181 və M1199 tipli 12,7 millimetrlik yeni təlim patronları standart sursatla müqayisədə daha qısa məsafədə yerə düşür.
Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.
ABŞ ordusu M2A1 ağır pulemyotundan daha kiçik poliqonlarda istifadə etməyə imkan verən yeni 12,7 millimetrlik azaldılmış mənzilli sursat hazırlayıb.
ABŞ Ordusunun Döyüş İmkanlarının İnkişafı Komandanlığının Picatinny Arsenal bazasındakı Silahlanma Mərkəzinin məlumatına görə, azaldılmış mənzilli sursat - RRA uçuş zamanı sabitliyini itirərək yerə düşür və standart patronla müqayisədə yarıdan az məsafə qət edir.
Sursatın iki variantı mövcuddur: M1181 adi güllə və M1199 izləyici patron. ABŞ ordusu bildirir ki, hər iki variant standart təlim məsafələrində eyni trayektoriya üzrə uçur.
Patron “General Dynamics Ordnance and Tactical Systems” şirkəti tərəfindən hazırlanıb. ABŞ ordusu sənaye müəssisələrindən təkliflər aldıqdan sonra həmin şirkətin layihəsini seçib.
Yeni sursatın əsas məqsədi M2A1 ağır pulemyotundan 7,62 millimetrlik tüfəng və pulemyot sursatları üçün nəzərdə tutulmuş daha kiçik poliqonlarda istifadə etməkdir. Bu, hərbi hissələrin ağır pulemyotlarla atış təlimi keçirmək üçün uzaq məsafələrə getməsi, vaxt və nəqliyyat xərcləri çəkməsi zərurətini azalda bilər.
Hər bir canlı atış poliqonunda güllənin normal trayektoriya və ya rikoshet nəticəsində düşə biləcəyi ərazini əhatə edən təhlükəli zona müəyyən edilir. Standart 12,7 millimetrlik patronların uçuş məsafəsi böyük olduğundan onların təhlükəli zonası da genişdir. ABŞ ordusunun məlumatına görə, bütün hərbi bazalarda belə poliqonların yaradılması mümkün deyil.
Yeni güllənin formasına görə mərmi səs sürətinə yaxınlaşdıqca qeyri-sabit olur. Səsin sürəti təxminən saatda 1190 kilometrdir. Bu mərhələdə hava müqaviməti sürətlə artır, güllə fırlanma sabitliyini və enerjisini itirir, nəticədə standart patronla müqayisədə daha qısa məsafədə yerə düşür.
Müqayisə üçün, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2012-ci il brifinqində standart M33 12,7 millimetrlik patronun maksimal mənzili 6500 metr, “General Dynamics” şirkətinin əvvəlki azaldılmış mənzilli layihəsinin isə 3500 metr göstərilmişdi.
“General Dynamics” bildirir ki, yeni 12,7 millimetrlik RRA sursatı 800 metrədək məsafədə tam mənzilli patronların ballistik göstəricilərinə uyğundur.
Təhlükəli zonanın kiçilməsi qonşu poliqonlarda eyni vaxtda təlim keçirilməsinə də imkan yarada bilər. ABŞ ordusunun məlumatına görə, standart 12,7 millimetrlik sursatın təhlükəli zonasının digər poliqonlara yayılması səbəbindən bağlanan bəzi atış sahələri artıq paralel istifadə oluna bilər.
Hərbçilər əvvəllər ölçüsü uyğun olmayan təlim ərazilərində hərəkətdə olan nəqliyyat vasitələrindən atəş açmağı da məşq edə bilərlər.
Ordunun məlumatına görə, hərbi hissələr yeni sursat barədə müsbət rəy veriblər. Hərbçilər onun istifadəyə alışma prosesinin asan olduğunu, silahın hazırlanmasını sadələşdirdiyini və adi sursatın demək olar ki, birbaşa əvəzi kimi istifadə oluna bildiyini bildirirlər.
Silahlanma Mərkəzinin kiçik çaplı sursatlar üzrə məsul şəxsi Kip Hess tələbin köklərinin Terrora qarşı Qlobal Müharibə dövrünə gedib çıxdığını bildirib. Həmin vaxt əsas məqsəd yerləşdirilməyə hazırlaşan hərbçilər üçün konvoyların canlı atəş şəraitində qorunması təlimlərini simulyasiya etmək olub.
ABŞ ordusu sənaye müəssisələrindən layihələr istəyib və “General Dynamics” şirkətinin təklifini seçib. Daha sonra Silahlanma Mərkəzi ballistik sınaqlar, etibarlılıq yoxlamaları, istifadəçi qiymətləndirmələri və izləyici patronların performans sınaqlarını keçirib.
Picatinny mühəndisləri bu problem üzərində uzun illərdir çalışırlar. 2016-cı ildə Silahlanma Mərkəzinin sələfi qurumunda çalışan üç mühəndis uçuş zamanı pirotexniki yüklə parçalanan məhdud mənzilli 12,7 millimetrlik mərmi üçün patent əldə edib. Lakin ABŞ ordusunun seçdiyi yeni sursat heç bir partlayıcı yükdən istifadə etmir, onun fəaliyyəti yalnız aerodinamik xüsusiyyətlərə əsaslanır.
ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ dəniz piyadaları bu istiqamətdə daha əvvəl nəticə əldə ediblər. 2012-ci ilə qədər hər iki qurum “General Dynamics” şirkətinin MK 322 “Mod 0” və MK 321 “Mod 0” adlandırılan 12,7 millimetrlik azaldılmış mənzilli adi və izləyici patronlarını kvalifikasiya edib.
ABŞ ordusu yeni sursat barədə hərbi hissələri məlumatlandırmağa çalışır. 7,62 və 12,7 millimetrlik RRA layihəsinin məsul əməkdaşı Alfa Tanq bir çox hərbi hissənin, planlaşdırma mütəxəssislərinin və baza əməkdaşlarının bu sursatın mövcudluğundan, eləcə də təhlükəli zonanı əhəmiyyətli dərəcədə azaltmaq imkanından xəbərsiz olduğunu bildirib.
Warfighter Ammunition Information Program nümayəndəsi Kevin O'Konnor hərbçilərə RRA sursatını köhnə M858 və M860 qısa mənzilli təlim patronları ilə qarışdırmamağı tövsiyə edib. Onun sözlərinə görə, həmin patronların mənzili daha qısadır və M33 adi, M17 izləyici döyüş patronları ilə eyni ballistik göstəricilərə malik deyil.
Eyni yanaşma 6,8 və 7,62 millimetrlik azaldılmış mənzilli sursatların hazırlanmasında da tətbiq edilib. Hər iki çapda adi və izləyici patron variantları mövcuddur. Onlar 7,62 millimetrlik M240 və yeni 6,8 millimetrlik M250 avtomatik tüfəngi kimi lentlə qidalanan silahlarda birlikdə istifadə oluna bilər.
ABŞ ordusu 12,7 millimetrlik yeni patronun kiçik PUA-lara yaxın məsafədən qarşı istifadə imkanlarını da sınaqdan keçirir. Bu, güllələrin hədəfi keçərək uzaq məsafəyə uçması riskini azaltmağa xidmət edir. Kip Hess həmin imkanın hələ sınaq mərhələsində olduğunu bildirib.
ABŞ ordusu 2027-ci maliyyə ili büdcəsində kiçik PUA-lara qarşı sistemlərin alınması üçün təxminən 1 milyard dollar vəsait istəyib.
Kip Hess bildirib ki, ümid edir, hərbçilər RRA sursatını hazırda təlimlərdə istifadə etdikləri döyüş patronlarının əvəzlənməsi üçün asanlıqla tətbiq edə biləcək və daha real təlim ssenarilərində daha çox vaxt keçirə biləcəklər.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
