ABŞ-nin nüvə döyüş gəmisi layihəsi Konqresdə maliyyələşmənin kəsilməsi səbəbindən dayandırıla bilər


ABŞ Senatı 34 min ton su tutumuna malik nüvə enerjili döyüş gəmisinin layihəsi üçün nəzərdə tutulan 1,84 milyard dollarlıq maliyyəni gələn ilin büdcəsindən çıxarıb.
ABŞ-nin gələcək “Qızıl Armada”sının əsasını təşkil etməli olan 34 min tonluq nüvə enerjili döyüş gəmisi layihəsi hələ həyata keçirilməyə başlamadan ciddi maneə ilə üzləşib. ABŞ Senatı gələn il üçün Pentaqonun büdcəsindən BBG(X) layihəsinə ayrılması nəzərdə tutulan 1,84 milyard dolları çıxarıb.
Senatın Təxsisatlar Komitəsinin yenilənmiş büdcə təklifində bu qərarın hələ yekun olmadığı bildirilsə də, maliyyələşmənin dayandırılması “Qızıl Armada” planının irəliləməsinin çətin olacağını göstərir.
Senat döyüş gəmilərinin satın alınması üçün nəzərdə tutulan maliyyədən 1 milyard dolları çıxarıb. Qərarın əsaslandırılmasında ABŞ Hərbi Dəniz Qüvvələrinin layihənin bu mərhələsinə keçmək üçün kifayət qədər irəliləyiş əldə etmədiyi qeyd olunub. Layihənin geniş ictimaiyyətə yalnız 2025-ci ilin dekabrında təqdim edildiyi xatırladılıb.
Bundan əlavə, gəmilərin ilkin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma işləri üçün nəzərdə tutulan xərclərdən 585,9 milyon dollar, perspektiv gəmi mexanizmləri sistemləri ilə bağlı maddədən isə daha 251 milyon dollar çıxarılıb.
Komitə bu qərarı ilkin təklifin ABŞ Hərbi Dəniz Qüvvələrinin sayının artırılmasına, imkanlarının genişləndirilməsinə və Amerika gəmiqayırma sənayesinin istehsal həcminin yüksəldilməsinə nə dərəcədə səmərəli töhfə verəcəyinin aydın olmaması ilə izah edib.
Qeyd edək ki, döyüş gəmisi layihəsi Senatın Təxsisatlar Komitəsinin diqqətinə düşən yeganə məsələ olmayıb. Komitə ABŞ Hərbi Dəniz Qüvvələrinin əvvəlki büdcə sorğusunda tikintisi və satın alınması planlaşdırılan, qrafikdən xeyli irəlidə olduğu iddia edilən altı gəmi və dəstək gəmisi üçün 6,2 milyard dollardan çox vəsait nəzərdə tutub. Komitənin fikrincə, bu vəsaitlərin 2027-ci ildə səmərəli şəkildə istifadə edilməsi mümkün olmaya bilər.
Döyüş gəmilərinin inşasından imtina edilməsi əslində gözlənilən idi. Layihənin silah arsenalına elektromaqnit rels topları, 128 ədəd adi Mk41 şaquli buraxılış qurğusu və hipersəs “IRCPS” raketləri üçün 12 ədəd “CPS” buraxılış sistemi daxil idi. Buna baxmayaraq, layihə 2025-ci ilin dekabrında ictimaiyyətə təqdim edildiyi vaxtdan etibarən şübhə və ciddi tənqidlərlə qarşılaşıb.
Konqresin qiymətləndirməsinə görə, “Defiant” adlandırılması planlaşdırılan ilk gəminin dəyəri 23,4 milyard dollar təşkil edə bilərdi. Bu, hazırda hər biri təxminən 22 milyard dollar qiymətləndirilən “Ford” sinfinə məxsus aviadaşıyıcıların dəyərindən də çoxdur.
Sonrakı gəmilərin hər birinin qiymətinin 18 milyard dollara qədər azalacağı gözlənilirdi. Pentaqon isə ilk, ikinci və üçüncü gəmilərin dəyərini müvafiq olaraq 17,5 milyard, 13,5 milyard və 12 milyard dollar qiymətləndirirdi. Buna baxmayaraq, bu məbləğlər də olduqca yüksək hesab olunur.
İkinci və üçüncü döyüş gəmilərinin 2038-2039-cu illərdə inşa edilməsi planlaşdırılırdı.
Layihənin Konqresdə maliyyə dəstəyi əldə etməkdə çətinlik çəkməsi təəccüblü deyil. ABŞ Hərbi Dəniz Qüvvələrinin freqatlar kimi mühüm sahələrdə ciddi imkan boşluqları olduğu halda, döyüş gəmilərinə böyük vəsait ayrılması səmərəsiz xərc kimi qiymətləndirilir. ABŞ Hərbi Dəniz Qüvvələri hələ də həmin freqatların sifarişini rəsmiləşdirməyib.
Büdcə siyasi məsələ olduğundan gələcəkdə müxtəlif dəyişikliklər mümkündür. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin çoxsaylı ehtiyacları nəzərə alınarsa, döyüş gəmilərinin gələcəyi həqiqətən də sual altındadır.
Sevinc Əliyeva Ordu.az
