ABŞ-nin “Manufacturing Rodeo” təşəbbüsü Ukrayna PUA istehsalçıları üçün yeni imkanlar yarada bilər


“Drone Dominance” proqramı çərçivəsində başladılan təşəbbüs ABŞ-də kiçik zərbə PUA-larının sürətli istehsalı və istehsal həcminin artırılması imkanlarını yoxlamağı hədəfləyir.
ABŞ-də “Manufacturing Rodeo” təşəbbüsünün ilk mərhələsinə başlanılıb. Bu istehsal sınağı çərçivəsində şirkətlərin qiyməti 3 min dollardan çox olmayan kiçik zərbə PUA-larını qısa müddətdə layihələndirmək və istehsal etmək qabiliyyəti yoxlanılacaq.
“Breaking Defense” nəşrinin ABŞ ordusunun sənədinə istinadən yazdığına görə, uzunmüddətli döyüşlərdə strateji üstünlük əldə etmək üçün ordu əlçatan texnologiyaların miqyasını genişləndirməlidir. İlk mərhələ ABŞ sənayesinin, xüsusilə də ölkədaxili təchizat zəncirinin məhdud müddətlər şəraitində işləmək imkanlarının sınağı olacaq.
Məlumata görə, martın 1-dək 400 ədəd birinci qrup kamikadze PUA-nın və 20 yerüstü idarəetmə stansiyasının istehsalı üçün şirkətlərin seçilməsi planlaşdırılır. PUA-ların çəkisi 9 kiloqramdan çox olmayacaq.
Bu PUA-ların hazırlanması üçün şirkətlərə batareyalar, mühərriklər, MK 118 döyüş başlıqları və konstruksiya elementləri də daxil olmaqla müxtəlif komponentlər təqdim ediləcək.
Daha sonra, fevralın ortalarına qədər PUA-ların və idarəetmə stansiyalarının 10 faizi sınaqların keçirilməsi və operatorların hazırlanması üçün ABŞ ordusuna təhvil verilməlidir.
ABŞ Müdafiə Müqavilələrinin İdarə Edilməsi Agentliyi ilə birlikdə ətraflı yoxlamaların aparılması da planlaşdırılır. Məqsəd hər hansı detalın ABŞ-nin kontinental hissəsindən kənarda istehsal edilmiş komponentlərdən ibarət olmadığını təsdiqləməkdir.
Hazır kamikadze PUA-lar mart ayında “Drone Dominance Gauntlet” proqramının üçüncü mərhələsində iştirak edəcək. Müsabiqənin qalibi olan şirkətlər 10 minədək PUA istehsalı üçün böyük həcmli müqavilələr əldə etmək imkanı qazanacaqlar.
Ukrayna şirkətlərinin artıq “Drone Dominance” proqramının əvvəlki iki mərhələsində iştirak təcrübəsi var. Proqramın məqsədi ABŞ ordusu üçün böyük partiyalarla PUA-ların sürətli satın alınmasını təmin etməkdir.
Məsələn, ikinci mərhələdə 49 iştirakçı olub və onların beşi Ukrayna şirkətləri olub. “F-Drones”, “General Cherry”, “Grim Tech” və “Stellarion” şirkətləri final mərhələsinə qədər irəliləyiblər.
“Drone Dominance” proqramı Ukrayna müəssisələrinin ABŞ bazarına çıxması üçün ən səmərəli yollardan biridir. Əməkdaşlıq ABŞ bazarının, xüsusilə də Amerika rezidentliyi tələblərinin öyrənilməsi və daha sonra Pentaqonun strukturları ilə nominal olaraq Amerika müəssisələri vasitəsilə əməkdaşlığın qurulması hesabına həyata keçirilir.
Beynəlxalq Ukraynanın Müdafiəsi Fondunun idarə heyətinin sədri Anatoli Pinçuk daha əvvəl nəşrə müsahibəsində “F-Drones” şirkətinin təcrübəsini nümunə göstərib. Onun sözlərinə görə, şirkət ABŞ-də UDD (“Ukrainian Defense Drones Tech Corp”) adlı törəmə müəssisə yaradıb. Bu müəssisə “Drone Dominance” proqramının əvvəlki mərhələsində uğurla iştirak edib, finala yüksəlib və qalib olub.
“Bunun nəticəsində Pentaqon onunla 2 min PUA-nın tədarükünə dair müqavilə bağladı. “F-Drones” rəsmi lisenziya əldə edərək PUA-ların yığılması üçün dəstləri özünün UDD şirkətinə rəsmi qaydada satdı. UDD isə öz növbəsində PUA-ların son yığımını ABŞ ərazisində həyata keçirdi, onları Pentaqona təhvil verdi və bu müqavilə artıq tamamlanıb”, - deyə mütəxəssis bildirib.
Ukrayna şirkətlərinin “Manufacturing Rodeo” təşəbbüsünə də qoşulması gözləniləndir. Hazırda “Drone Dominance” çərçivəsində Ukrayna-ABŞ əməkdaşlığı hər iki tərəf üçün faydalı strategiya təsiri bağışlayır. ABŞ müasir müharibədə döyüş təcrübəsi qazanmış, sınaqdan keçirilmiş məhsul əldə edir, Ukrayna müəssisələri isə öz sistemlərini inkişaf etdirmək üçün gəlir əldə edə biləcəkləri Amerika bazarına çıxış qazanırlar.
Sevinc Əliyeva Ordu.az
