ABŞ-nin aqrar təcrübəsi Azərbaycan üçün faydalı ola bilər? - RƏY


Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ABŞ-yə səfəri çərçivəsində ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stiven Veydenlə keçirilən görüşdə ölkələr arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat, innovasiya, biotexnologiyalar və damazlıq işi istiqamətində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub; qarşılıqlı Anlaşma Memorandumunun layihəsi ətrafında fikir mübadiləsi aparılaraq işğaldan azad edilmiş ərazilərdə iqlimə davamlı və rəqəmsal kənd təsərrüfatı modelinin qurulmasında ABŞ-nin təcrübəsindən istifadə imkanları nəzərdən keçirilib. Azərbaycanın aqrar sektora dair hazırladığı sənəd ABŞ-yə təqdim olunub.
Bəs fərqli coğrafiyalara və fərqli reallıqlara malik olduğumuzu nəzərə alsaq, ABŞ təcrübəsi Azərbaycanda aqrar sahədə inkişaf baxımından nə kimi faydalar verə bilər?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ABŞ səfərində Azərbaycan kənd təsərrüfatının, Azərbaycan ərazilərində, xüsusilə Qarabağın iqtisadi inkişafında kənd təsərrüfatının önəmi və ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb:
"Düşünürəm ki, inkişaf etməkdə olan ölkələr digər dövlətlərin, xüsusilə inkişaf etmiş ölkələrin təkcə kənd təsərrüfatı modellərini deyil, digər sahələrdəki inkişaf modellərini və perspektivlərini mütləq öyrənməli və tətbiq etməlidirlər. Bu həm iqtisadiyyata müsbət təsir göstərəcək, həm də əhalinin sosial rifahına müsbət təsirini əsirgəməyəcək.
Azərbaycan 44 günlük Zəfərdən sonra özünün şanlı tarixi səhifələrini yaşayır və çox sürətlə inkişaf edir. Ölkə başçısı cənab Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirədə qeyd etmişdir ki, ölkədə kənd təsərrüfatının inkişafı düzgün aparılmalıdır və bu sahə daxili bazarın ərzaqla təmin olunmasını təmin etmək məcburiyyətindədir. Bu gün kənd təsərrüfatı, xüsusilə iri və xırda buynuzlu damazlıq heyvanların yetişdirilməsi və ət məhsulları ilə bazarın təmin olunması çox vacib məsələdir. Xarici bazardan asılılığın qarşısını almaq hər bir ölkə üçün iqtisadi və inkişaf baxımından prioritet istiqamətdir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ABŞ-dəki səfəri və görüşləri də məhz buna əsas verir.
Həmsöhbətimiz qeyd edib ki, nazir Məcnun Məmmədovun vurğuladığı məqamlar Azərbaycanın aqrar sektorunda inkişafa dəstək olacaq, bu istiqamətdə innovasiya, rəqəmsal inkişaf və qarşılıqlı təcrübə proqramları həyata keçiriləcək:
"Coğrafiyalarımız fərqli olsa da, biz öz aqrar sahəmizə və torpağımıza uyğun layihələrin icrasını reallaşdıracağıq. Hər torpağın özünəməxsus xüsusiyyətlərinə uyğun kənd təsərrüfatı məhsullarının yetişdirilməsi planlaşdırılacaq və daxili bazarın ərzaq təminatı mütləq şəkildə təmin olunacaq.
ABŞ təcrübəsinin Azərbaycandakı aqrar sahənin inkişafına müsbət təsirləri olacaq. Biz fermerlərdən, yaradılan korporativlərdən və ailə təsərrüfatlarından gözləyirik ki, bu yeniliklərə və inkişafa adaptasiya olsunlar. Bu adaptasiya dövründə dövlət hər zaman onların yanında olacaq. Heyvandarlığın düzgün inkişaf etdirilməsi, torpaqdan düzgün istifadə olunması və məhsulların əraziyə uyğun yetişdirilməsi son dərəcə önəmli məsələlərdir.
Məsələ həm də ondadır ki, "Böyük Qayıdış" konsepsiyasına uyğun olaraq yeni peşələr yaranır, əmək bazarının trendləri dəyişir. Kənd təsərrüfatı istiqamətində inkişafların, innovasiyaların və rəqəmsallığa adaptasiya dövrü başlayıb. Bütün əhali bu istiqamətdə maarifləndirilməli, bu inteqrasiya prosesində aktiv iştirak etməlidir və hər kəsin həyata keçirdiyi fəaliyyət növü rəqəmsallıqda öz əksini tapmalıdır. Bu həm iqtisadi imkanlar, həm də əhalinin sosial rifahının təminatı deməkdir. Əmək bazarında yeni peşələrin öyrənilməsi, tətbiq edilməsi və bütün bunların həyata keçirilməsi cəmiyyətin, iqtisadiyyatın inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən əsas istiqamətlərdir".