“ABŞ ilə aqrar əməkdaşlığın genişləndirilməsi yeni imkanlar aça bilər”


“ABŞ ilə aqrar əməkdaşlığın genişləndirilməsi Azərbaycan kənd təsərrüfatına həm investisiya, həm də texnologiya baxımından yeni imkanlar aça bilər. ABŞ bu sahədə böyük təcrübəyə malikdir. Xüsusilə müasir suvarma sistemləri, məhsuldarlığın artırılması, toxumçuluq, kənd təsərrüfatı texnikası, məhsulların saxlanması və emalı sahələrində Amerika şirkətlərinin təcrübəsindən yararlanmaq mümkündür”.
Bu fikirləri xalqcebhesi.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib.
A.Nəsirli qeyd edib ki, digər mühüm istiqamət süni intellektin aqrar sektora tətbiqidir: “Bu texnologiyalar vasitəsilə torpağın vəziyyətini, hava şəraitini, bitkilərin su və gübrə ehtiyacını daha dəqiq müəyyənləşdirmək olar. Nəticədə fermerlərin xərcləri azalar, məhsuldarlıq yüksələr, su və digər resurslardan daha səmərəli istifadə edilər. ABŞ-dən investisiyaların cəlb edilməsi aqrar məhsulların emalı və ixrac imkanlarının genişlənməsinə də kömək edə bilər. Ancaq burada əsas məsələ yalnız texnologiya və avadanlıq almaq deyil, həmin texnologiyaların yerli istehsala uyğunlaşdırılması, fermerlərin maarifləndirilməsi və mütəxəssislərin hazırlanmasıdır”.
İqtisadçı düşünür ki, bu əməkdaşlığın nəticəsi kənd təsərrüfatında real məhsuldarlıq artımı, istehsal xərclərinin azalması və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsi ilə ölçülməlidir: “Əgər əməkdaşlıq konkret investisiya layihələrinə və fermerlərin gündəlik fəaliyyətində tətbiq olunan yeniliklərə çevrilərsə, ölkənin aqrar sektoruna ciddi töhfə verə bilər”.
Röya İsrafilova
1 mənbə