ABŞ Hərbi Dəniz Qüvvələri F-35 “Block 4” modernləşdirilməsi üzrə müqaviləni genişləndirib


ABŞ Hərbi Dəniz Qüvvələri gecikən F-35 “Block 4” modernləşdirmə proqramını sürətləndirmək üçün “Lockheed Martin” ilə müqavilənin yuxarı həddini 72,6 milyon dollar artırıb.
Ordu.az xəbər verir ki, ABŞ Dəniz Hava Sistemləri Komandanlığı əlavə işləri xərclərin ödənilməsi və sabit xidmət haqqı prinsipi əsasında birbaşa “Lockheed Martin” şirkətinə verib.
Hərbi Dəniz Qüvvələri müqavilə dəyişikliyini təsdiqlədiyi zaman bu işlər üçün ödəniş öhdəliyi götürməyib.
İşlərin 60 faizi F-35 təyyarələrinin istehsal olunduğu Texas ştatının Fort-Uort şəhərində, 16 faizi Nyu-Hempşir ştatının Naşua şəhərində, 9 faizi isə Merilend ştatının Baltimor şəhərində həyata keçiriləcək.
Hərbi Dəniz Qüvvələri “Block 4” imkanlarının hazırlanması, sınaqdan keçirilməsi və F-35 təyyarələrinə inteqrasiyası üçün əsas müqaviləni 2023-cü ildə imzalayıb. Təlim və döyüş məlumat sistemlərini də əhatə edən müqavilənin ilkin yuxarı həddi təxminən 1,44 milyard dollar olub.
2024-cü ilin yanvarında AGM-88G AARGM-ER radiasiya əleyhinə raketinin ilkin inteqrasiya işləri, yenidən proqramlaşdırma laboratoriyaları və tapşırıq məlumat faylları üçün müqaviləyə 97,4 milyon dollara qədər əlavə iş daxil edilib. 2024-cü ilin avqustunda isə bir neçə təyyarənin birlikdə istifadə edə biləcəyi infraqırmızı axtarış və izləmə imkanları, eləcə də Band 5 radar xəbərdarlıq qəbuledicisi avadanlığı üçün müqavilə 611,3 milyon dollar artırılıb.
F-35 üçün planlaşdırılan ən genişmiqyaslı modernləşdirmə olan “Block 4” müxtəlif istehsal partiyalarında mərhələli şəkildə tətbiq ediləcək 80-dən çox təkmilləşdirməni əhatə edir. Bu yeniliklərin böyük hissəsi proqram təminatına əsaslanır. Onların tələb etdiyi hesablama gücünü yeni kompüterlər, displeylər və yaddaş qurğularından ibarət 1,9 milyard dollarlıq TR-3 paketi təmin edir.
2023-cü ilin aprelində hazır olması planlaşdırılan paketdəki aparat və proqram təminatı problemləri səbəbindən Pentaqon yeni F-35-lərin qəbulunu təxminən bir il müddətinə dayandırıb. Təyyarələrin təhvil verilməsi 2024-cü ilin iyulunda TR-3 paketinin məhdud versiyası ilə yenidən başlayıb.
ABŞ Hökumət Hesabatlılığı İdarəsi (GAO) 2025-ci ilin sentyabrında yayımladığı hesabatda proqramın həm büdcəni aşdığını, həm də qrafikdən illərlə geri qaldığını bildirib. İlk dəfə 2018-ci ildə hazırlanmış plana əsasən, 2026-cı ilə qədər F-35-ə 66 yeni imkanın qazandırılması nəzərdə tutulurdu. Daha sonra hədəf tarix 2029-cu ilə keçirilib. GAO modernləşdirmənin tam başa çatmasının 2031-ci ildən əvvəl mümkün olmayacağını gözləyir.
ABŞ Dəniz Hava Sistemləri Komandanlığı 2026-cı ilin aprelində “Block 4” sınaqları üçün F-35-in hər variantından bir ədəd olmaqla ümumilikdə üç sınaq təyyarəsi sifariş edib. Sifarişin dəyəri 177,5 milyon dollar açıqlanıb. “Northrop Grumman” isə sentyabrda APG-81 radarını əvəz etməsi planlaşdırılan qallium nitrid əsaslı APG-85 radarının komponentləri üçün 124 milyon dollarlıq müqavilə əldə edib.
Hərbi Dəniz Qüvvələri təyyarənin enerji və soyutma sistemlərinin təkmilləşdirilməsi ilə bağlı sifarişi də rəsmiləşdirib. F-35 Birgə Proqram Ofisinin məlumatına görə, “Block 3”də təxminən 30 kilovat olan tullantı istilik yükü “Block 4”də təxminən 47 kilovata yüksəlir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
