ABŞ-də Rusiya vətəndaşı casusluq ittihamı ilə saxlanılıb


BAKI, 19 noyabr. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında Rusiya vətəndaşı İqor Dyu xarici hökumətin qeydiyyatdan keçməmiş agenti kimi fəaliyyət göstərmək, qanunsuz təqib və şəxsiyyət sənədləri ilə bağlı dələduzluqda ittiham edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, federal böyük andlılar heyəti İqor Dyuya qarşı xarici hökumətin maraqları naminə ABŞ-nin baş prokuroruna məlumat vermədən fəaliyyət göstərmək, ştat sərhədlərini keçməklə qanunsuz təqib və şəxsiyyəti təsdiqləyən sənədlərlə bağlı dələduzluq ittihamlarını təsdiqləyib.
Prokurorluğun iddiasına görə, Rusiya vətəndaşı müdafiə sənayesi ilə də əlaqəli olan ABŞ-nin iri texnologiya şirkətlərindən birinin əməkdaşlarını izləyib.
İqor Dyu noyabrın 2-də ilk dəfə məhkəmə qarşısına çıxarılıb və həmin vaxtdan həbsdə saxlanılır.
İş üzrə növbəti məhkəmə iclası noyabrın 24-nə təyin edilib.