60 milyon dollarlıq hərbi təyyarəni sıradan çıxardı


İrlandiyanın Şennon aeroportunda ABŞ-yə məxsus 60 milyon dollar dəyərində hərbi təyyarəni sıradan çıxarmaqda ittiham olunan 48 yaşlı Daithi O’Corrain barəsində cinayət işi açılıb.
Xitab24.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, hadisə 2026-cı il aprelin 11-də baş verib.
O’Corrain aeroportunun təhlükəsizlik zonasına qanunsuz daxil olaraq ABŞ Milli Qvardiyasına məxsus C-130 Hercules hərbi nəqliyyat təyyarəsinə keçib.
İstintaq materiallarına əsasən, o, təyyarənin arxa qapısının kilidini sındıraraq içəri daxil olub və bir neçə saat ərzində ciddi dağıntılar törədib. Təyyarənin elektrik naqillərini və hidravlik xətlərini kəsib, kokpitdəki bütün göstəriciləri sındırıb, hava kanallarını zədələyib.
Bununla kifayətlənməyən şəxs təyyarənin üzərinə çıxaraq onu balta ilə zədələyib, yanacaq çənlərinə isə metal kürəciklər və müxtəlif maddələr töküb. O, həmçinin alüminiumu korroziyaya uğradan qallium adlı metalı da özü ilə gətirib.
Hadisə zamanı təyyarənin heyəti geri qayıdarkən onu kokpitin pəncərəsindən görüb və aeroport təhlükəsizliyinə məlumat verib. İrlandiya polisi hadisə yerinə gələrək şübhəlini saxlayıb.
ABŞ prokurorluğunun bildirdiyinə görə, təyyarəyə vurulan zərər o qədər böyükdür ki, onun yenidən uçuşa qaytarılması mümkün olmayacaq. Təyyarənin dəyəri təxminən 60 milyon dollar qiymətləndirilir.
İstintaq iddia edir ki, O’Corrain hücumu aylarla planlaşdırıb, təyyarənin konstruksiyasını araşdırıb, aeroport ərazisinə daxil olmaq üçün yollar axtarıb və hərbi təyyarələrin hərəkətini izləmək üçün xüsusi mobil tətbiqə abunə olub.
Onun tərəfdarları isə bu addımın ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarına və İsrailə dəstəyinə etiraz məqsədi daşıdığını bildiriblər.
Daithi O’Corrain ABŞ-də dövlət əmlakını məhv etməkdə ittiham olunur. Bu maddə üzrə onu təqsirli bilinəcəyi halda 10 ilədək həbs cəzası gözləyə bilər.