39 il əvvəlki qətlin üstü təsadüfən açıldı - 4 yaşlı qızı valideynləri öldürüb


Fransada 1987-ci ildə 4 yaşlı qızı İnass Tulubu işgəncə verərək öldürməkdə təqsirləndirilən valideynlərə hökm oxunub.
Xitab24.az xarici mediaya istinadən xəbər verir ki, Halima Əl-Bəxti və Əhməd Tulubu adlı şəxslər 39 il əvvəl törədilmiş cinayətə görə Blois şəhərində keçirilən məhkəmə prosesində mühakimə olunublar.
Hadisə 1987-ci il avqustun 11-də baş verib. Dörd yaşlı İnassın meyiti Fransanın mərkəzində, avtomobil yolunun kənarındakı arxda aşkarlanıb. Uşağın bədənində çoxsaylı işgəncə izləri, insan dişləmələrinin nişanələri, sınıqlar və ütü ilə yandırılma izləri olub.
Cinayətin üstü uzun illər açılmayıb.
İstintaqda dönüş nöqtəsi 2018-ci ildə baş verib. Başqa bir cinayət işi üzrə götürülən şəxsin DNT nümunəsinin İnassın paltarında və bədəninin büküldüyü örtükdə qalan genetik izlərlə uyğunluğu müəyyən edilib. Həmin şəxsin qızın qardaşı olduğu üzə çıxıb. Beləliklə, ailənin kimliyi müəyyənləşdirilib və valideynlər saxlanılıblar.
Məhkəmənin qənaətinə görə, ana qızına qarşı işgəncə və qəddar rəftar nəticəsində onun ölümünə səbəb olub. Atası isə bu cinayətə şərik olmaqda təqsirli bilinib.
Məhkəmə 72 yaşlı Halima Əl-Bəxtini 20 il, 74 yaşlı Əhməd Tulubunu isə 15 il müddətinə azadlıqdan məhrum edib. Hər iki şəxs hökm elan edildikdən sonra məhkəmə zalından həbsxanaya aparılıb.
1 mənbə
