3015 şikayət daxil olub

1 dəq oxu
Xəbər
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətləri üzrə cari ilin üçüncü rübünə dair şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını açıqlayıb.
İKTA-dan FaktorNews-a bildirilib ki, iyul-sentyabr aylarını əhatə edən hesabat “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlər əsasında hazırlanıb. Şikayət indeksi hər bir operator üzrə daxil olan şikayətlərin ümumi şikayətlərdəki payının həmin operatorun poçt göndərişləri bazarındakı payına nisbəti əsasında hesablanır. Bu göstərici operatorların fəaliyyət həcmini nəzərə almaqla şikayətlərin nisbi intensivliyini müqayisə etməyə imkan verir.
Hesabatda, həmçinin operatorların “E-Şikayət” sistemi vasitəsilə daxil olan müraciətlərə orta cavablandırma müddətləri əksini tapıb. Bu göstərici müraciətlərin operativ cavablandırılması baxımından operatorların fəaliyyətini qiymətləndirməyə imkan yaradır.
İKTA-nın məlumatına görə, şikayət indeksinin və cavablandırma müddətlərinin mütəmadi açıqlanması poçt xidmətləri bazarında şəffaflığın artırılmasına, istifadəçilərin məlumatlandırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
“E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib, 2024-cü ilin aprelindən isə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna başlanılıb. İndiyədək sistem vasitəsilə poçt xidmətləri ilə bağlı ümumilikdə 3015 şikayət daxil olub.
Agentlik poçt rabitəsi xidmətlərindən istifadə zamanı problemlə qarşılaşan şəxslərə ilk növbədə müvafiq operatorun rəsmi əlaqə vasitələrinə müraciət etməyi, məsələ həllini tapmadıqda isə “mygov” platformasındakı “E-Şikayət” xidmətindən istifadə etməyi tövsiyə edir.
Mənbə
1 mənbə



