20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru


20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli iradəmizin, dövlətimizin qüdrətinin və Müzəffər Ordumuzun şanlı Zəfərinin təcəssümünə çevrilən əlamətdar gündür. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunmasını deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qayıdış ümidlərinin gerçəkləşməsini, Qarabağda yeni həyatın Başlanmasını ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdam şəhərinin gələcəyinə dair qətiyyətli mövqeyini ifadə edərək bildirmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu fikirlər Azərbaycanın öz torpaqlarına sahib çıxmaq əzmini, tarixi ədalətin bərpasına və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına yönəlmiş dövlət siyasətinin mahiyyətini əks etdirirdi.
Ağdam adı özündə qədim tarix və milli yaddaş daşıyır. Toponimin mənşəyi ilə bağlı geniş yayılmış izahlardan birinə görə, ad “ağ” və “dam” sözlərinin birləşməsindən yaranaraq işıqlı, ağ ev və ya ağ dam mənasını ifadə edir. Bu adın tarixən Qarabağ xanı Pənahəli xanın tikdirdiyi ağ evlə əlaqələndirilməsi də mövcuddur. Ağdamın adı kimi özü də Qarabağın zəngin tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.
2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin mühüm nəticələrindən biri oldu. Ağdamın azadlığı Azərbaycanın hərbi-siyasi gücünün, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi. Şəhərin azad olunması ilə uzun illər davam edən işğala son qoyuldu, Ağdamın yenidən dirçəlməsi üçün tarixi imkan yarandı.
Ağdamın azad edilməsində iştirak etmiş hərbi qulluqçuların qəhrəmanlığının və fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu medal Vətən uğrunda mübarizənin, hərbi şücaətin və tarixi Zəfərin rəmzlərindən biri kimi gələcək nəsillərin yaddaşında yaşayacaq.
Bu gün Ağdamın simasında biz həm də Zəfərimizin əbədiləşdirilməsini görürük. Şəhərdə inşa edilən Zəfər muzeyi və açıq səma altında nümayiş etdirilən dağıntı nümunələri keçmişin acı həqiqətlərini gələcək nəsillərə çatdırmaqla yanaşı, Azərbaycanın öz torpaqlarını hansı iradə və qətiyyətlə azad etdiyini nümayiş etdirir. İmarət Kompleksinin bərpası, Pənahəli xanın irsinin yaşadılması, Xurşidbanu Natəvanın abidəsinin yenidən öz tarixi məkanına qaytarılması Ağdamın milli-mədəni yaddaşının bərpasına xidmət edir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdama mütəmadi səfərləri şəhərin və rayonun gələcək inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir. 2022-ci il oktyabrın 4-də dövlət başçısının Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq, Eyvazxanbəyli, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində, eləcə də şəhərin daxili yol və kommunikasiya şəbəkəsində, dəmir yolu və avtovağzal kompleksində, yeni yaşayış məhəlləsində və mehmanxana layihəsində təməlqoyma mərasimlərinin keçirilməsi genişmiqyaslı quruculuğun əsasını qoydu.
2024-cü il mayın 28-də Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərinin qoyulması Ağdamın kəndlərinin də mərhələli şəkildə yenidən qurulmasına güclü təkan verdi. Bu layihələr təkcə yaşayış evlərinin inşası deyil, həm də kənd həyatının bərpası, sosial xidmətlərin təşkili, məşğulluq imkanlarının yaradılması və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin və Ağdam Muğam Mərkəzinin açılışı bölgənin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Kəngərlidə məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina kimi sosial obyektlərin istifadəyə verilməsi, sakinlərə yeni mənzillərin açarlarının təqdim edilməsi Böyük Qayıdışın real nəticələrini nümayiş etdirdi.
2026-cı il iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan işlərlə tanışlığı, 840 şagird yerlik tam orta məktəbin təməlinin qoyulması isə Ağdamın beynəlxalq əməkdaşlıq və müasir quruculuq məkanına çevrildiyini bir daha göstərdi.
Bu gün Ağdam şəhərində və kəndlərində yaşayış məhəllələri, təhsil və səhiyyə müəssisələri, yol-nəqliyyat infrastrukturu, mühəndis-kommunikasiya sistemləri yaradılır. Ərazilərin mərhələli məskunlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin göstəricisidir.
Ağdamın gələcək inkişafında turizm infrastrukturu da mühüm yer tutur. Tarixi İmarət Kompleksi, Qarabağın mədəni irsi, muğam ənənələri, təbii və coğrafi imkanlar şəhərin turizm potensialını artırır. Müasir mehmanxanaların, ictimai məkanların, mədəniyyət və istirahət obyektlərinin yaradılması Ağdamın gələcəkdə regionun mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
Ağdamın bugünkü mənzərəsi bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız torpaqlarını azad etməklə kifayətlənmir, həmin ərazilərdə müasir həyat qurur, tarixi irsi qoruyur, iqtisadi potensialı hərəkətə gətirir və insanları doğma yurdlarına qaytarır.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında həm Zəfər, həm də quruculuq tarixidir. Bir zamanlar dağıntıları ilə düşmənin vəhşiliyini nümayiş etdirən Ağdam bu gün Azərbaycanın yenilməz iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının rəmzinə çevrilir.
Ağdam yenidən qurulur, Ağdam yaşayır, Ağdam öz sakinlərinə qovuşur. Bu dirçəliş Azərbaycan xalqının tarixi qələbəsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin parlaq nəticəsidir.
İlqar İLYASOV,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru

Minatv.az+1 mənbə