1653 neftçinin taleyi SUAL ALTINDA!

SOCAR-ın Kompleks Qazma İşləri Trestininbir qrup qocaman neftçisi tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Möhtərəm cənab Prezident,Ötən zaman kəsiyi göstərdi ki, Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirərək, Azərbaycanın ümumi inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarını zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirmisiniz. Siz sözünün sahibi olan, bütün bəyanat və fikirləri fəlsəfi çəkisi, beynəlxalq hüququn norma və standartlarına, milli mənafeyə, prinsipiallığa və çevikliyə əsaslanması ilə seçilən, dünyəvi, hüquqi və demokratik dövlət qurmaq məharəti nümayiş etdirən XXI əsrin siyasi lideri etalonunu formalaşdırmısınız. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməklə xalqımızın qəlbində özünüzə əbədi yer qazanmısınız.Cənab Prezident,Məlum olduğu kimi, SOCAR-ın Kompleks Qazma İşləri Tresti (KQİT) Sizin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanınız (“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında”) və həmin Fərmanın icrası olaraq SOCAR-ın 12 mart 2007-ci il tarixli 51 nömrəli əmri ilə yaradılmışdır. Bu qərarla həm dənizdə, həm də quruda ayrı-ayrılıqda fəaliyyət göstərən qazma idarələri və müəssisələri birləşdirilərək vahid mərkəzdən idarə olunan güclü bir struktur altında cəmlənmişdir. Trest yarandığı gündən Xəzər dənizinin Azərbaycan sektorunda, quru sahələrimizdə, eləcə də xarici ölkələrdə neft və qaz quyularının qazılması, kəşfiyyat və istismar qazma işlərinin müasir texnologiyalar əsasında həyata keçirilməsində müstəsna rol oynamışdır.Biz — SOCAR KQİT-in bir qrup qocaman neftçisi olaraq, dövlətimizə və şəxsən Sizə olan dərin ehtiramımızı bildirməklə yanaşı, hazırda müəssisəmizdə baş verən və 1653 nəfər neftçinin taleyini təhlükə altına alan qanunsuz proseslərlə bağlı Sizə müraciət etmək məcburiyyətində qalmışıq.Belə ki, son dövrlər SOCAR KQİT-in tərkibində törəmə müəssisə kimi “SOCAR Drilling” MMC yaradılmışdır. Mövcud vəziyyət və aparılan proseslər onu göstərir ki, bu MMC-nin yaradılmasında əsas məqsəd KQİT-də çalışan peşəkar işçiləri “transformasiya” adı altında qeyri-qanuni yollarla yeni yaradılmış MMC-yə keçirmək, daha sonra isə müxtəlif bəhanələrlə işdən azad etməkdir. Digər tərəfdən, trestin tərkibindən çıxarılaraq müstəqil MMC statusu altında fəaliyyət göstərmək satınalma proseslərini nəzarətdənkənar və müdaxiləsiz şəkildə həyata keçirməyə, kənar şirkətlərin proseslərə cəlb olunmasına və müəyyən şəxslərin öz komandalarını formalaşdırmasına şərait yaradır. Bu isə gələcəkdə dövlət vəsaitlərinin mənimsənilməsi və ciddi maliyyə pozuntuları üçün münbit zəmin deməkdir.Möhtərəm cənab Prezident,Sizin bilavasitə Fərmanınızla yaradılmış, ölkə iqtisadiyyatına və neft sənayesinə böyük töhfələr vermiş strateji bir müəssisənin süni şəkildə zəiflədilməsi və 1653 nəfərlik kollektivin dağıdılması dövlət maraqlarına və Sizin həyata keçirdiyiniz sosial siyasətə tamamilə ziddir.Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, hazırda “SOCAR Drilling” MMC-nin İnsan Resursları departamentinin rəisi vəzifəsinə təyin edilmiş Səbinə Tağıyeva trestin əməkdaşlarını tək-tək qəbuluna çağıraraq, onlara ya könüllü şəkildə yeni yaradılmış MMC-yə keçməyi, ya da əks halda işdən uzaqlaşdırılacaqlarını bildirərək açıq şəkildə təzyiq və təhdid göstərir. O, bu addımları öz şəxsi təşəbbüsü ilə deyil, birbaşa SOCAR-ın İnsan Kapitalının İdarəedilməsi üzrə vitse-prezidenti Ziba Mustafayevanın tapşırığı əsasında icra etdiyini ifadə edir.Cənab Prezident,Siz bizim son ümid yerimizsiniz. Uzun illər ömrünü Azərbaycanın neft sənayesinin inkişafına həsr etmiş qocaman neftçilər olaraq inanırıq ki, səsimizə səs verəcək, bu qanunsuz əməllərin, əmək hüquqlarımızın pozulmasının və strateji dövlət müəssisəsinin sıradan çıxarılmasının qarşısının alınması üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlarınızı verəcəksiniz.Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq..."
1 mənbə

Report+1 mənbə