1 ildə 20 minə yaxın boşanma: Ailələri dağıdan görünməz SƏBƏB


Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda ailələrin dağılması cəmiyyəti düşündürən aktual sosial problemlərdən birinə çevrilib. Rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə 20 min 675 boşanma qeydə alınıb. 2024-cü ildə bu rəqəm 21 min 384, 2023-cü ildə isə 21 min 688 olub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkədə 12 min 764 boşanma rəsmiləşdirilmişdi. Beləliklə, son on ildə boşanmaların illik sayı təxminən 62 faiz artıb. Bununla belə, son iki ildə müəyyən azalma müşahidə olunur: 2026-cı ilin yanvar-avqust aylarında 13 min 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 13 min 869 olub. Rəqəmlər ailə münasibətlərində baş verən dəyişiklikləri, sosial-iqtisadi çətinlikləri və psixoloji amilləri yenidən gündəmə gətirir.
Bəs müasir dövrdə ailələr niyə dağılır, maddi problemlər, yoxsa emosional uzaqlaşma boşanmaların əsas səbəbidir?
Sosioloq İlahə Dadaşova Hafta.az-a açıqlamasında bildirib ki, boşanmaların səbəblərini iki əsas istiqamətdə – sosial-iqtisadi və psixoloji amillər üzrə qiymətləndirmək olar.
Onun sözlərinə görə, maddi çətinliklər mühüm rol oynasa da, problemin kökündə çox vaxt psixoloji dözümlülüyün azalması dayanır.
Dadaşovanın fikrincə, əvvəlki dövrlərdə ailələr iqtisadi çətinliklərlə qarşılaşsalar da, insanlar mövcud şəraitə daha asan uyğunlaşa, problemlərin öhdəsindən birlikdə gəlməyə çalışırdılar. Müasir dövrdə isə stressin artması, uşaqlıq travmaları, sosial şəbəkələrin və internetin həyatımıza təsiri ailələrin psixoloji elastikliyini zəiflədib.
Sosioloq qeyd edib ki, psixoloji məlumatlılığın artması da bəzən münasibətlərə mənfi təsir göstərir. Belə ki, insanlar qarşı tərəfin davranışlarını anlamağa çalışmaq əvəzinə, onu müəyyən psixoloji problemlərlə əlaqələndirərək damğalamağa meyil edirlər.
Onun sözlərinə görə, boşanmaların digər mühüm səbəblərindən biri də ailələrdə emosional uzaqlaşmadır. Tərəflər bir-birini dinləmədikcə, anlamaq qabiliyyəti zəifləyir, nəticədə qarşılıqlı emosional ehtiyaclar qarşılanmır.
Dadaşova müasir ailə münasibətlərində qadın və kişilərin gözləntilərinin də dəyişdiyini vurğulayıb. O bildirib ki, qadınlar artıq analarının güzəştə getdiyi həyat modelini qəbul etmək istəmir, kişilər isə bəzən atalarının ailə modelini davam etdirməyə çalışırlar. Bu fərqli yanaşmalar ailədaxili münaqişələrə səbəb olur.
Sosioloq əlavə edib ki, boşanmaların səbəblərindən biri də ailə qurarkən tərəflərin fərqli sosial mühitlərdən və ailə modellərindən gəlməsidir. Hər iki tərəf böyüdüyü ailədə gördüyü davranışları öz münasibətlərində tətbiq etməyə çalışır. Bu fərqlər vaxtında anlaşılmadıqda və ortaq məxrəcə gəlinmədikdə ailənin dağılması ilə nəticələnə bilər.
